Bozdağ, Bozdüz oronimləri Xocalı rayonunda, Xocalı qəsəbəsi (şəhəri) ilə Əsgəran qəsəbəsi arasında qeydə alınmışdır. Əsasən rəng mənasında işlənən boz sözü ilə bağlı respublikamızda çoxlu spesifik oronimlər mövcuddur. Boz rəng külə bənzər, ağ rəngi ilə qara rəngin qarışığından əmələ gələn rəngdir. Toponimiyada boz komponentinin “tutqun”, “çılpaq”, “meşəşiz”, “bitkisiz”, “dumanlı” və s. mənaları vardır. Xocalı rayonu ərazisindəki Bozdağ və Bozdüz (Bozun düzü də deyirlər) coğrafi adlarında da boz sözü oronimlərdəki süxurların boz rəngdə – yəni, kül rəngində olması ilə əlaqədardır. Dağ müsbət relyef forması, düz mənfi relyef forması bildirən terminlərdir. Qaradağ, Abşeron, Ağdam, Qazax, Yevlax, Tovuz, Samux, Şamaxı, Şəki və Goranboy rayonlarında Bozdağ oronimi mövcuddur. Abşeron yarımadasında Bozdağ palçıq vulkanları Baş Qafqaz silsiləsində (Şəki rayonu) Bozdağ zirvəsi, Acınohur ön dağlığının (Böyük Qafqaz) cənub hissəsində Bozdağ silsiləsi və s. də vardır.
“Müqəddəs yurd: Xocalı” adlı kitabdan